
İsrail qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri yaxınlığında döyüşləri bərpa edərək, Abasan əl-Kəbirə şəhərinin kənarına bir sıra artilleriya və tank zərbələri endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının mülki müdafiə xidməti məlumat yayıb.
“Xan Yunisin şərqindəki Abasan əl-Kəbir şəhərinin ətrafı artilleriya və İsrail tanklarından atəşə tutulub”, - İsrail və HƏMAS hərəkatı arasında atəşkəsin uzadılması ilə bağlı fikir ayrılıqları fonunda dərc olunan bəyanatda deyilir.
HƏMAS-ın nəzarətində olan “Əl-Əqsa” telekanalı Qəzzanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Fələstin anklavında döyüşlərin yenidən başlaması nəticəsində azı 4 nəfər həlak olub.
Xatırladaq ki, yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Sazişin icrasının birinci mərhələsi martın 1-də başa çatıb. 42 gün ərzində HƏMAS Qəzza zolağında saxlanılan 33 israilli girovu azad edib.