
İstanbulda Rusiya və ABŞ arasında keçirilən danışıqlarda diplomatik nümayəndəliklərin fəaliyyətinin maneəsiz maliyyələşdirilməsini təmin etmək üçün birgə addımlar barədə razılıq əldə edilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya və ABŞ-nin diplomatik nümayəndəliklərinin fəaliyyətinin maneəsiz şəkildə maliyyələşdirilməsini təmin etmək və onların diplomatik fəaliyyəti üçün müvafiq şərait yaratmaq üçün birgə addımlar razılaşdırılıb”, - diplomatik departamentdən bildirilib.
Danışıqlarda həmçinin, xarici siyasət idarələrinin rəhbərlərinin göstərişlərinə uyğun olaraq, Amerikanın əvvəlki administrasiyalarından miras qalmış çoxsaylı problemlərin aradan qaldırılması yolları ətraflı müzakirə edilib.
Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, Rusiya ABŞ-yə birbaşa hava nəqliyyatının bərpası imkanlarını nəzərdən keçirməyi təklif edib.
Qeyd edək ki, İstanbul görüşündə nümayəndə heyətlərinə Rusiyadan Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev, ABŞ-dən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edib.
Tətbiqimizi yükləyə bilərsiniz