
“Tayland rəsmiləri on ildən artıqdır həbsdə olan 40-dan çox etnik uyğur müsəlmanı deportasiya edərək onları Çinə geri göndərib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Taylanddakı hüquq qrupları məlumat yayıb.
Bildirilib ki, gözlənilən deportasiya ilə bağlı şayiələr fonunda BMT nümayəndələri və beynəlxalq insan haqları təşkilatları yanvar ayında bu addımın əleyhinə çıxış ediblər. ABŞ-nin yeni təyin olunmuş dövlət katibi Marko Rubio da uyğurların Çinə qayıtmasının qarşısını almaq üçün Tailand hökumətinə təzyiq etmək niyyətində olduğunu bildirib. O zaman Tailand hakimiyyəti belə planların olmadığına inandırıb.
Tailand rəsmiləri və Çin Xarici İşlər Nazirliyi bu xəbərləri şərh etməkdən imtina ediblər. Eyni zamanda, hüquq müdafiəçiləri Pekini uyğurlara qarşı repressiyalarda ittiham etməkdə davam edir, Çin hakimiyyəti isə bunu qəti şəkildə rədd edir.
Qeyd edilib ki, deportasiya edilənlər Çindən qaçan və 2014-cü ildə Taylandda saxlanılan 300-ə yaxın uyğurdan ibarət qrupun bir hissəsi idi. 2015-ci ildə onlardan 100-dən çoxu artıq Çinə göndərilib ki, bu da beynəlxalq ictimaiyyətin kəskin tənqidinə səbəb olub.