İki “Oskar”lı məşhur aktyor və həyat yoldaşının meyiti tapılıb


Amerikalı aktyor, ikiqat “Oskar” mükafatı laureatı, 95 yaşlı Cin Hekmen və onun həyat yoldaşı, pianoçu Betsi Arakava Nyu-Meksikodakı evlərində ölü tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Santa Fe New Mexican” qəzeti polis orqanlarına istinadla məlumat yayıb.
“Əfsanəvi aktyor, ikiqat “Oskar” mükafatı laureatı, yazıçı Cin Hekmen və onun həyat yoldaşı Betsi Arakava çərşənbə günü axşam Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində ölü tapılıb”, - məlumatda qeyd edilib.
Məşhur aktyorun, eləcə də həyat yoldaşının ölümünü Santa Fe qraflığının şerifi Adan Mendosa da təsdiqləyib. O, cütlüyün itinin də ölü tapıldığını bildirib.
Polis aktyorun və onun həyat yoldaşının ölümünün dəqiq səbəbini açıqlamayıb.
Polisin məlumatına görə, cəsədlərdə heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Qeyd edək ki, Cin Hekmen “Bonni və Klayd”, “Dövlətin düşməni”, “Qanunun Gücü”, “Düşmən cəbhəsinin arxasında”, “Ürək sındıranlar”, “Bağışlanmayan” və digər filmlərdəki rolları ilə tanınırdı.
Aktyor 2004-cü ildə kinodan getdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top