
Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün əlavə hərbçi göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın kəşfiyyat idarəsi məlumat yayıb.
Kəşfiyyat idarəsi onların sayının müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bildirib.
Bundan əvvəl Cənubi Koreyanın “Korea JoongAng Daily” nəşri məlumatlı mənbələrə istinadla yazıb ki, yanvar-fevral aylarında Pxenyan Rusiyanın Kursk vilayətində döyüşmək üçün əlavə 1000-3000 əsgər göndərib.
Ukrayna və Cənubi Koreya kəşfiyyat xidmətlərinin məlumatına görə, Şimali Koreya 2024-cü ildə Kursk vilayətində təxminən 11-12 min hərbi qulluqçu yerləşdirib.
2025-ci il yanvarın sonlarında isə KİV-də Şimali Koreya əsgərlərinin ağır itkilərə görə yanvarın ortalarında cəbhə xəttindən geri çəkildiyi barədə xəbərlər yayılıb. Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, onlar fevralın əvvəlində geri qayıdıblar.
Qeyd edək ki, Ukrayna Müdafiə Qüvvələri 2024-cü ilin avqustunda Sumi rayonu ilə həmsərhəd Kursk vilayətində quru əməliyyatına başlayıb.
Pxenyanın Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün minlərlə hərbçi göndərməsi və onların Kursk vilayətində olması barədə ilk xəbərlər 2024-cü ilin oktyabrında yayılıb.
Müxtəlif hesablamalara görə, Kursk vilayətində 3000-4000 arasında Şimali Koreya əsgəri öldürülüb və yaralanıb. Çoxları əsir götürülüb.