
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftənin cümə günü Vaşinqtona Ukrayna mineralları ilə bağlı saziş imzalamaq üçün səfər edəcəyini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp Nazirlər Kabinetinin ilk iclasında danışıb.
“Prezident Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqlənib. Və biz çox böyük bir razılaşma olacaq saziş imzalayacağıq”, - Tramp bildirib.
Qeyd edək ki, ötən gün Tramp Zelenskinin müqaviləni imzalamaq üçün fevralın 28-də Vaşinqtona gələ biləcəyini ehtimal edib. Zelenskinin özü də əvvəllər razılaşmaya hazır olduğunu bildirməsinə baxmayaraq, sənədi imzalamaqdan imtina edib. O qeyd edib ki, Kiyevə təklif olunan versiyada təhlükəsizlik təminatı yoxdur. Fevralın 23-də Zelenski bəyan edib ki, müqaviləni imzalamaq istəmir, çünki bunun pulunu ukraynalıların 10 nəsli ödəyəcək.