
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta fevralın 24-ü, bazar ertəsi səhər saatlarında Kiyevə gediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa rəsmiləri fon der Lyayen və Kosta “X” sosial şəbəkə hesablarında məlumat veriblər.
Məlumata görə, Avropa İttifaqı (Aİ) liderlərinin olduğu qatarı stansiyada Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak və Ukrayna xarici işlər naziri Andriy Sibiqa qarşılayıblar.
Onların gəlişində məqsəd Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin 3-cü ildönümü münasibətilə həmrəylik və dəstəyin nümayiş etdirilməsi və Ukraynaya tərəfdaş ölkələrin sammitinin keçirilməsidir.
Sammitdə ümumilikdə 37 dövlət lideri iştirak edəcək. Onlardan 13 ölkənin lideri sammitdə şəxsən iştirak edəcək, 24 ölkənin rəhbəri isə onlayn qoşulacaq.
Səfər çərçivəsində tərəfdaş ölkələrin rəhbərlərinin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması və təhlükəsizlik təminatlarının həyata keçirilməsi məsələlərini müzakirə etməsi planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl “Politico” qəzeti mənbələrə istinadla xəbər vermişdi ki, Avropa rəsmiləri və bir sıra Aİ ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampa təzyiq göstərmək və onun Ukrayna münaqişəsi ilə bağlı mövqeyindən məmnun olmadıqlarını bildirmək üçün Kiyevə gedəcəklər.
Görüşdə Brüssel rəsmilərinin Kiyevə ən böyük hərbi yardım paketlərindən birini elan edəcəkləri və Ukraynaya Avropa qoşunlarının göndərilməsi məsələsini gündəmə gətirəcəkləri gözlənilir.