
ABŞ Prezidenti Donald Tramp deyib ki, “rüsumlar” onun “Allah”, “din” və “sevgi”dən sonra ən çox sevdiyi dördüncü sözdür.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, cümə axşamı Vaşinqtonda Respublikaçı Qubernatorlar Assosiasiyasının şam yeməyində deyib.
““Rüsumlar” indiyə qədər eşitdiyim ən gözəl sözlərdən biridir”, - Tramp əlavə edib.
O buna görə “saxta media” tərəfindən tənqid edildiyini də bildirib.
“Onlar soruşdular: “Bəs Allah? Bəs din? Bəs sevgi?” Mən dedim: “Yaxşı, qoy onda bu, mənim dördüncü sevimli sözüm olsun. İndi “rüsumlar” mənim “Allah”, “din”, “sevgi” sözlərindən sonra dördüncü sevimli sözümdür”, - Amerika lideri deyib.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-nin xarici avtomobillərə təxminən 25% rüsum tətbiq etmək niyyətində olduğunu və analoji rüsumların əczaçılıq məhsullarına da tətbiq olunacağını bildirib.
Digər tərəfdən, yanvarın 31-də Amerika lideri ABŞ-nin ölkəyə çiplər və əlaqədar məhsulların, həmçinin neft, qaz, polad, alüminium və misin tədarükünə rüsumlar tətbiq etmək niyyətində olduğunu qeyd edib. Ancaq Tramp bu tədbirlərin hansı ölkələrin məhsullarına təsir göstərə biləcəyini dəqiqləşdirməyib.
Fevralın 10-da isə o, bütün polad və alüminium tədarükünə 25% rüsum təyin edib.