
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Kiyev heç vaxt Rusiyanın ultimatumlarına əməl etməyəcək.
Yeniavaz.com xəbər verir ki, o, bunu Ankarada keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanında baş tutan Rusiya-Amerika danışıqlarını şərh edərkən deyib.
Prezident izah edib ki, müharibənin əvvəlində Rusiya Ukraynaya ultimatum verib - xüsusən də Moskva Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını, işğal olunmuş ərazilərin Rusiyanın bir hissəsi kimi tanınmasını və ölkəyə rusiyayönlü rəhbərliyin gəlməsini tələb edib:
“Və məndə elə təəssürat yaranıb ki, hazırda bəzi danışıqlar gedir və onlar eyni əhval-ruhiyyədə gedir, lakin onlar Rusiya nümayəndələri ilə ABŞ nümayəndələri arasında gedir. Ukrayna haqqında və Ukraynasız. Maraqlıdır, əgər biz bütün bu ultimatumlara ən çətin anda razı olmamışıqsa, niyə belə bir fikir var ki, Ukrayna buna indi razı olacaq?”
O, əlavə edib ki, Kiyev vilayətinin işğalı zamanı, Belarusdakı görüşdə və Türkiyədəki görüşdə ruslarla heç bir razılaşma olmayıb:
“Ukrayna prezidenti kimi mən heç kimə zəmanət verməmişəm, heç kimə heç nəyi təsdiq etməmişəm. Üstəlik, Rusiyanın ultimatumlarına boyun əymək fikrim yox idi. İndi də yoxdur”.