Prezident Ağdamda tikinti işləri ilə tanış oldu


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.
Yeniavaz.com
xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də həmçinin Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb.
Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.
Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar.
Dövlət başçısına və birinci xanıma Muğam Mərkəzində görülən işlərlə bağlı məlumat verilib.
Ümumi sahəsi 1,4 hektar olan Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var.
İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək.
Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib.
Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlət tərəfindən son illərdə görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb.
Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top