
Yanvarın sonunda populyarlaşan Çinin “DeepSeek” neyron şəbəkəsinə marağın artması Çin fond bazarına, xüsusən də texnologiya səhmlərinə investisiyaların əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, son bir ay ərzində Çin bazarı əsas hedcinq fondları da daxil olmaqla, təxminən 1,3 trilyon dollar yeni investisiya cəlb edib.
Eyni zamanda, Hindistan fond bazarı eyni dövr ərzində təxminən 720 milyard dollarlıq kapital axını müşahidə edib.
Bu, mütəxəssislərin bəzi investorların “DeepSeek”in artan populyarlığı ilə əlaqədar vəsaitlərini Hindistan aktivlərindən Çin aktivlərinə köçürmək qərarına gəldiyini fərz etməsinə səbəb olub.
“Bu neyron şəbəkə Çində həqiqətən də bütün süni intellekt ekosisteminin inkişafında əsas rol oynayan şirkətlərin olduğunu nümayiş etdirdi”, - deyə “Eastspring Investments” şirkətinin Asiya bazarları üzrə analitiki Ken Vonq bildirib.
Qeyd edək ki, yanvarın 28-də bir gündə Çin dilində olan “DeepSeek-R1” modeli dünyanın ən populyar tətbiqlərindən birinə çevrilib. Yeni model “Nvidia” səhmlərinin 600 milyard dollar ucuzlaşmasına səbəb olub. Hazırda o, ChatGPT-nin əsas rəqiblərindən biri hesab olunur.