
Avropa Komissiyası (AK) Avropa İttifaqında (Aİ) süni intellektə (AI) investisiya üçün 200 milyard avro səfərbər etmək niyyətindədir.
Yeniavaz.com AK mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Parisdə keçirilən süni intellekt sammitində çıxış edən AK rəhbəri Ursula fon der Lyayen deyib.
“Mən burada “InvestAI” təşəbbüsünü elan etməkdən məmnunam. Biz Avropada 200 milyard avro süni intellekt sərmayəsini səfərbər etməyi hədəfləyirik. Biz əsas diqqəti sənaye, həmçinin, missiya baxımından daha kritik sahələrə yönəldəcəyik”, - fon der Lyayen deyib.
Onun sözlərinə görə, bu vəsait Aİ-də süni intellekt üzrə qiqafabriklərin yaradılmasına sərf olunacaq.
“Bu böyük süni intellekt infrastrukturu ən mürəkkəb süni intellekt modellərinin inkişafını təmin etmək və Avropanı süni intellekt qitəsinə çevirmək üçün lazımdır. Tədqiqatçılar, sahibkarlar və investorlar qüvvələrini birləşdirə biləcəklər. Sənayelər əməkdaşlıq edə və öz məlumatlarını birləşdirə biləcəklər”, - AK rəhbəri bildirib.
AK-nin bəyanatında deyilir ki, “InvestAI” Aİ daxilində dörd AI qiqafabrikini maliyyələşdirəcək. Bu qiqafabriklər ən mürəkkəb süni intellekt modellərinin hazırlanmasında ixtisaslaşacaq. Qiqafabriklər təxminən 100 000 ən son model AI çipinə sahib olacaq. Bu isə indi qurulan AI fabriklərindən təxminən dörd dəfə çoxdur.