Rublun bahalanması gəlirlərimizə necə təsir edəcək? – Analiz


Bu ilin əvvəlindən ötən son bir ay ərzində Rusiyanın milli valyutası – rubl ABŞ dolları qarşısında sürətlə bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, yanvar ayının əvvəlində bir dollar 108 rubla bərabər olubsa, bu gün 98 rubla düşüb.
Göründüyü kimi, son bir ayda rublun məzənnəsi dollar qarşısında 9 faizdən çox bahalanıb.
Azərbaycanın mili valyutasının – manatın məzənnəsi isə dollar qarşısında sabit qaldığına görə rubl manat qarşısında da təxminən eyni səviyyədə bahalanıb.
Yanvar aynın əvvəlində 1 manat 63 rubl olduğu halda, hazırda 58 rubl səviyyəsinə enib.
Bəs görəsən, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada rublun dollar qarşısında bahalanması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkədə – Rusiyada milli valyutanın bahalanması bu ölkəyə ixracı daha da artıra bilər.
Gömrük Komitəsinin açıqladığı sonuncu məlumata görə, ötən il Azərbaycandan Rusiyaya 1 milyard 178 milyon dollar dəyərində məhsul ixrac edilib. İtaliyaya ixrac etdiyimiz xam nefti nəzərə almasaq, Rusiya Türkiyədən sonra Azərbaycanın ən çox məhsul satdığı ölkə olub.
Manatın məzənnəsinin rubl qarşısında ucuzlaşması Rusiyaya göndərilən məhsullardan daha çox qazanc əldə etməyimizə səbəb olacaq. Məsələn, Rusiyaya göndərdiyimiz 1 000 kiloqram almanı orada sataraq 80 000 rubl əldə edirik. Bir ay əvvəl bu vəsaiti dollara çevirdiyimiz zaman 741 dollar olurdusa, hazırda 816 dollar olur. Rəqəmlərdən də göründüyü kimi, məzənnə dəyişikliyi səbəbindən 1 000 kiloqram almadan əldə edəcəyimiz qazanc 10 fazidən çox artmış olur.
Rublun bahalanmasının Azərbaycan iqtsadiyyatı üçün mənfi tərəfi isə odur ki, Rusiyadan Azərbaycana idxal olunan məhsulların qiyməti artmış olacaq. Rublun dollar qarşısında 10 faiz bahalanması, idxal olunan məhsulların da təxminən o səviyyədə bahalanmasına səbəb ola bilər.
Amma, onu da qeyd edək ki, idxal inflyasiyasının yüksəlməsi qısamüddətli dövr üçün mənfi nəticələrə səbəb olsa da, uzunmüddətli dövr üçün faydaları da var. İdxal inflyasiyasının artması yerli istehsalçılar üçün fürsət yaradır. Çünki belə vəziyyət bahalaşan idxal məhsulları ilə rəqabət aparmağı asanlaşdırır və daxili istehsalın genişlənməsinə təkan verə bilər.
Rublun dollar və manata nisbətən bahalanması Rusiyada işləyən və Azərbaycana pul göndərən soydaşlarımızın da xeyrinə olacaq. Əmək haqqını rublla alıb Azərbaycana göndərənlər üçün məzənnə dəyişikliyi sərfəli olacaq. Rublun bahalanması Rusiyada işləyən soydaşlarımızın real qazancını artırmış olacaq. Məsələn, bir ay əvvəl  Rusiyada 10 000 rubl qazanan soydaşımız onu manata çevirəndə 159 manat olurdusa, hazırda bu məbləğ 172 manat olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top