“Qalatasaray”la oyundakı qalmaqaldan sonra “Adana Dəmirspor”un prezidenti istefa verdi


“Adana Dəmirspor” futbol klubunun prezidenti Bedirhan Durak istefa verib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “İnstaqram” hesabında məlumat yayıb.
“Prezidentlik vəzifəsini ləyaqətlə yerinə yetirmək üçün gecə-gündüz çalışdım, enerjimi, vaxtımı, sağlamlığımı qurban verdim. Klubumun xeyrinə sosial şəbəkələrdəki sarsıdıcı və qıcıqlandırıcı mesajlara məhəl qoymadım. Artıq içindən çıxmaq mümkün olmayan bir vəziyyətə gəldiyimizi görəndə çox məyus oluram. Nəzərinizə çatdırım ki, mən ilk növbədə klubum, ailəm, yaxınlarım və sağlamlığım naminə vəzifəmdən gedirəm”, - deyə klub prezidenti bildirib.
Bedirhan Durak 2024-cü ilin oktyabrından klubun prezidenti vəzifəsini icra edir. O, bu postda Murat Sancakı əvəz edib.
Qeyd edək ki, fevralın 9-da “Adana Dəmirspor”un futbolçuları Türkiyə çempionatının 23-cü turunun “Qalatasaray”la oyununda onlara penalti təyin edilməsindən sonra meydanı tərk ediblər.
Xatırladaq ki, “Adana Dəmirspor” Türkiyə çempionatının turnir cədvəlində sonuncu, 19-cu pillədə qərarlaşıb. Komandanın 21 turdan sonra 5 xalı var.

DİGƏR XƏBƏRLƏR

Top