
Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılır.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək, Elm və Təhsil Nazirliyinə Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etmək, Klinikanın dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək, bu Fərmandan irəli gələn digər məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.