
Qazaxıstan Nəqliyyat Nazirliyi yaxın günlərdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında bildirib.
“İş son mərhələdədir, gözləyirik ki, yaxın günlərdə ilkin hesabat rəsmi olaraq saytımızda dərc olunsun. Mütəxəssislərə öz işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Bu, çox həssas və əziyyətli işdir”, - nazir qeyd edib.
O, həmçinin qeyd edib ki, işlərdə Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycandan mütəxəssislər iştirak edir.
“Mütəxəssislər çox çalışırlar. Azərbaycandan, Rusiyadan, istehsalçı ölkə kimi Braziliyadan, Braziliya Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən (CENIPA), Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) beynəlxalq mütəxəssislər gətirilib. Onların hamısı son mərhələdə işləyir”, - deyə Karabayev vurğulayıb.