
“2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı məğlubiyyət müstəqil və suveren ölkəyə sahib olmaq imkanı verib”.
Yeniavaz.com Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
“Deyə bilərəm ki, məğlubiyyətə uğrayaraq biz müstəqil və suveren dövlətə sahib olmaq imkanı əldə etdik”, - Paşinyan qeyd edib.
Paşinyan onu da əlavə edib ki, müəyyən şəraitə görə Cənubi Qafqazda Ermənistana qarşı çoxlu neqativ fikirlər var.
“Bu neqativ fikirlərin öhdəsindən gələ bilmək çox vacibdir. Biz bu neqativ fikirlərin öhdəsindən emosiyalarsız, həmçinin, ən təsirli üsullarla çıxmağa çalışaraq doğru olanı edirik”, - Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyan daha əvvəl bəyan etmişdi ki, respublikanın strateji inkişafı çərçivəsində o, qonşulara qarşı ərazi iddialarının olmamasını nəzərdə tutan “real Ermənistan” konsepsiyasını yaradıb.