
Mərkəzi Bankın açıqladığı sonuncu məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 13,19% olub.
Yeniavaz.com xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi son bir ildə 0,61 faiz bəndi artıb.
Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumatda göstərilib ki, kreditlər üzrə orta faiz dərəcəsi 12,58% olub.
Onu da bildirək ki, milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi daha yüksək – 14,66% olub.
Son bir ildə kredit faizlərinin artmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın Yeniavaz.com-a açıqlamasında bildirib ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının müxtəlif səbəbləi var:
“Kredit faizlərinin yüksək olmasının əsas səbəbi bu sahədə ciddi rəqabətin olmamasıdır. Ötən ilin sonuna olan məlumata görə, banklar tərəfndən ümumilikdə 27,5 milyard manat kredit verilib və bunun yarıdan çoxu – təxminən 15 milyard manatı 3 bankın payına düşüb. Əhalinin banklardan aldığı 8,4 milyard manatlıq istehlak kreditinin isə 4,7 milyardı 2 bank tərəfindən verilib. Belə olan halda bu sahədə rəqabət aşağı düşür və nəticədə faizlərin yüksək olmasına gətirib çıxarır.
Başqa bir əhəmiyyətli səbəb isə odur ki, ölkədə real inflyasiya səviyyəsi yüksəkdir. Açıqlanan rəsmi məlumata görə, ötən ilin dekabr ayında ölkədə 5% inflyasiya olub. Lakin bankların kredit faizlərini yüksəltməsi həm də onu göstərir ki, real inflyasiya daha yüksəkdir. Çünki bank faizləri ölkədəki inflyasiya səviyyəsindən birbaşa asılıdır. Banklar kreditlərə daha yüksək faizlər tətbiq etməklə inflyasiya səbəbindən pulun itirilən dəyərini kompensasiya edirlər. Yəni, inflyasiya pulun dəyərinin azalmasına səbəb olduğundan, banklar pullarını dəyər itkisindən qorumaq üçün faizləri yüksək saxlayırlar”.

Allahverdi Aydın
Ekspert faizlərin yüksək olmasının başqa bir səbəbi kimi, manatın devalvasiya riskinin yüksək olmasını göstərir:
“Manatla verilən kreditlərin orta faiz dərəcəsi xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsində təxminən 3 dəfə çxdur. Bu da onu göstəir ki, banklar manatla kredit verməyi daha riskli hesab edilər. İndiki halda qeyd etdiyimiz 3 əsas səbəb mövcud olduğu müddətdə kredit faizlərinin aşağı düşəcəyi inandırıcı görünmür. Bu səbəblər də birbaşa iqtisadiyyatın ümumi vəziyyəti ilə bağlıdır. Bunun üçün yerli istehsal artmalıdır ki, ölkə iqtisadiyyatının idxaldan asılılığı azalsın. Belə olarsa, həm idxal inflyasiyasının təsri azalmış olar, həm də manat daha az devalvasiya riski ilə qarşı-qarşıya qalar”.
Elnur Əli