
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumat yayıb.
Məlumata görə, hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb.
“Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur”, - məlumatda bildirilib.
Məlumatda həmçinin bildirilib ki, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar.