
İsrail hakimiyyəti HƏMAS əsirliyindən israilli girovların qaytarılması prosesinin təşkilinə etiraz olaraq fələstinli məhbusların azad edilməsini dayandırmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” ölkənin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, Fələstinli məhbusların azadlığa buraxılması növbəti girov qruplarının təhlükəsiz şəraitdə azad ediləcəyinə dair zəmanət alınana qədər təxirə salınıb:
“İsrail vasitəçilərdən buna nail olmağı tələb edir”.
Qeyd edilib ki, proses dayandırılarkən fələstinli məhbuslar artıq avtobuslarda olub və həbsxana ərazisini tərk ediblər.
“Mən girovlarımızın azad edilməsi zamanı baş verən dəhşətli səhnələri qətiyyətlə pisləyirəm. Bu, HƏMAS təşkilatının anlaşılmaz qəddarlığının bir daha sübutudur. Mən tələb edirəm ki, belə dəhşətli səhnələr təkrarlanmasın və girovlarımızın təhlükəsizliyi təmin edilsin”, - Netanyahu bildirib.