
“HƏMAS-ın siyahısına əsasən, İsraillə Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad edilməsi planlaşdırılan 33 girovdan 25-i sağdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, HƏMAS vasitəçilərə siyahı verib və ondan belə çıxır ki, anklavda saxlanılan 33 nəfərdən 25-i sağdır. Vasitəçilərin öz növbəsində bu sənədi İsrail tərəfinə ötürdükləri iddia edilir.
Xatırladaq ki, yanvarın 15-i axşam Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bəyan edib ki, Doha, Qahirə və Vaşinqtonun vasitəçilik səyləri nəticəsində İsrail və HƏMAS girovları azad etmək və Qəzzada atəşkəs əldə etmək barədə razılığa gəliblər. 42 gün davam edəcək birinci mərhələdə HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların qarşılığında 33 girovu azad edəcək.