İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı siyasi və iqtisadi əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında fəal və uğurlu əməkdaşlıq etdiklərini deyib, bu çərçivədə qarşılıqlı dəstəyə əsaslanan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev əməkdaşlığımızın cəlbedici sahələrinin müəyyənləşdirilməsinin də zəruriliyini qeyd edib.
Ölkəmizdə Afrikadan çoxsaylı tələbələrin təhsil aldığını deyən dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları təqdim etdiyini bildirib, qvineyalı tələbələrin də bundan yararlana biləcəklərini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın özünün ASAN və DOST xidmət təcrübəsini bir sıra ölkələrlə bölüşdüyünü qeyd edərək, bu sahədə Qvineya ilə də əməkdaşlıq imkanlarının olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Qvineya Respublikasının Prezidenti Mamadi Dumbuyanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Qvineya Prezidentinə çatdırmağı xahiş edib.
Səfir Umar Kande Qvineya Prezidenti və ölkəsi adından təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və xalqına başsağlığını çatdırıb.
Umar Kande ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduğunu deyib və ölkəmizlə strateji tərəfdaşlığın qurulacağına ümidvar olduqlarını bildirib. O qeyd edib ki, bu isə öz növbəsində xüsusilə də BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında müştərək təşəbbüslərin irəli sürülməsinə xidmət edəcək. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizdən məmnunluğunu ifadə edən səfir ölkələrimiz arasında təhsil, mədənçilik, elektron hökumət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Söhbət zamanı ölkəmizin aidiyyəti iqtisadi qurumları ilə birbaşa əlaqələrin yaradılmasının, iqtisadi əməkdaşlıq perspektivlərinin araşdırılmasının və onun inkişaf etdirilməsi üçün iqtisadi sahə üzrə nümayəndə heyətlərinin mübadiləsinin vacibliyi qeyd olunub.





***

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Səfir Qorazd Rençel, ilk növbədə, COP29-un uğurla keçirilməsi və əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bu konfransın hazırlıq işlərinə az müddət qalmasına baxmayaraq, Azərbaycan tərəfindən həmin tədbirin uğurla təşkil olunduğunu vurğulayıb, COP29-un ölkəmizdə indiyədək keçirilən ən böyük beynəlxalq tədbir olduğunu məmnunluqla qeyd edib. Sloveniyanın bu tədbirdə fəal iştirakını yüksək qiymətləndirən dövlət başçısı COP29-da təmsil olunan xeyli sayda ölkələr arasında konsensusun əldə edilməsinin önəminə toxunub, tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyinin irəli aparılması üçün səmərəli nəticələrin olduğunu vurğulayıb.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin yaxşı tarixə malik olduğunu deyərək, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərini xatırlayıb və bu səfərlər zamanı müxtəlif istiqamətlər üzrə məhsuldar müzakirələrin aparıldığını məmnunluqla qeyd edib. Dövləti başçısı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycanla Sloveniya arasında siyasi dialoqun dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub, yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin və iqtisadi əməkdaşlıq məsələləri üzrə işçi qrupunun toplantısının keçiriləcəyi bildirilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin təşkil olunacağı qeyd edilib.
Səfir Azərbaycanın Cənubi Qafqaz regionunda, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizində mühüm rola malik ölkə olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Sloveniya arasında enerji sahəsində əməkdaşlığın inkişafına toxunulub, Azərbaycan qazının Sloveniya bazarına çatdırılması əlaqələrimizin inkişafında mühüm addım kimi dəyərləndirilib.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



DİGƏR XƏBƏRLƏR

Top