
Belarusda prezident seçkilərində əsas səsvermə günü başlayıb.
Yeniavaz.com ölkənin Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, bu gün səhər saatlarında 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb.
Bildirilib ki, təxminən 6,9 milyon belarus seçicisi 5325 seçki məntəqəsində səs verə biləcək.
Səsvermə Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.
Səsvermədə səsvermə siyahılarına daxil edilmiş seçicilərin yarıdan çoxu iştirak etdikdə seçkilər baş tutmuş sayılır. MSK-nın məlumatına görə, yanvarın 21-25-də keçirilən erkən səsvermədə seçicilərin 41,81 faizi iştirak edib. Səsvermədə iştirak edən vətəndaşların yarıdan çoxu kimə səs versə, həmin şəxs prezident seçiləcək.
Qeyd edək ki, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ilə yanaşı, seçkilərdə Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov və Respublika Əmək Partiyasının sədri Aleksandr Xiznyak yarışır.
Xatırladaq ki, Belarus Mərkəzi Seçki Komissiyası 2020-ci ildə keçirilən prezident seçkilərində seçici fəallığının 84,28% olduğunu açıqlamışdı. Qurum həmin vaxt səsvermədə iştirak edən vətəndaşların 80,10%-inin Lukaşenkoya səs verdiyini bəyan etmişdi.