
“Oskar” mükafatı laureatı Hans Zimmer Səudiyyə Ərəbistanı himninin yeni versiyasının mümkün müəllifi ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri Turki Əl əş-Şeyx məlumat verib.
Əş-Şeyx alman film bəstəkarı ilə fotosunu abunəçiləri ilə paylaşaraq onu “zəmanənin ən böyük musiqiçilərindən biri” adlandırıb.
“Gələcək layihələr haqqında çox müzakirə etdik, ümid edirəm ki, tezliklə işıq üzü görəcək. Onların arasında Səudiyyə Ərəbistanının milli himninin müxtəlif alətlərdən istifadə etməklə yeni versiyası da var”, - deyə o, izah edib.
Əş-Şeyxin sözlərinə görə, Zimmer dövlətin mədəni irsindən ilhamlanaraq “Ərəbistan” adlı orijinal əsərin və “Yermuk döyüşü” filminin saundtrekinin hazırlanmasında iştirak edə bilər.
Qeyd edək ki, karyerası ərzində Hans Zimmer “Karib dənizinin quldurları”, “Qladiator”, “Ulduzlararası”, “Yağış adam”, “Şerlok Holms”, “Kral Şir” və “Qara cəngavər” və “Son Samuray” kimi filmlərin partituraları üzərində işləyib.
O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqi bəstələyib.
Məşhur bəstəkar “Kral Şir” filminin müsiqisi üçün ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanıb. O, həmçinin dörd “Qremmi” və iki “Qızıl qlobus” mükafatı laureatıdır.