Tramp “Meksika körfəzi”nin adını “Amerika körfəzi”nə dəyişdi


ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı Denali dağının isə MakKinli dağı adlandırılması prosedurunun başlanması haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sənədin mətni Ağ Evin saytında dərc olunub.
Fərmana əsasən, ölkənin təbii sərvətlərini idarə edən ABŞ Daxili İşlər Nazirliyinin rəhbəri 30 gün ərzində adların dəyişdirilməsi ilə bağlı bütün rəsmiləşdirmələri həll etməlidir. Nazirlik bundan sonra rəsmi Coğrafi Adlar Sistemindəki (GNIS) məlumatları yeniləməli, bundan sonra rəsmilər bütün rəsmi hökumət sənədlərinin bu coğrafi obyektlərə yalnız “Amerika Körfəzi” və “MakKinli dağı” kimi istinad etmələrini təmin etməlidirlər.
Meksika körfəzinin adının dəyişdirilməsi zərurətinə haqq qazandırmaq üçün sənəddə dünyanın ən böyük körfəzinin Amerika iqtisadiyyatının mərkəzi olaraq qalması faktı göstərilir.
Sərəncamında Tramp qeyd edib ki, yeni ad ABŞ-nin bu inkişaf edən iqtisadi mənbəyi və onun iqtisadiyyat üçün kritik əhəmiyyəti nəzərə alınaraq verilir.
2015-ci ildə ABŞ-nin o vaxtkı prezidenti Barak Obamanın administrasiyası Alyaska yerlilərinin istəklərini nəzərə alaraq Denali dağını tarixi adına qaytarıb. Tramp isə öz fərmanı ilə dağı ABŞ-nin 25-ci prezidenti Uilyam MakKinlinin şərəfinə 1917-ci ildə ona verilmiş əvvəlki adını bərpa edib. 
Qeyd edək ki, yanvarın 20-də Tramp and içərək rəsmi olaraq ABŞ-nin 47-ci prezidenti olub.
O, vəzifəsinin icrasına başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini və ora qoşun göndərildiyini elan edib. Yeni dövlət başçısı həmçinin ABŞ-də söz azadlığını bərpa edəcəyinə söz verib.
Tramp bildirib ki, onun andiçmə mərasimi Amerikanın “qızıl dövrü”nün başlanğıcı olub. Prezident çıxışında Rusiya və Ukraynanın adını çəkməyib.

DİGƏR XƏBƏRLƏR

Top