
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün Vaşinqtona işgüzar səfərə gedib.
Yeniavaz.com xəbər verir ki, Zurabişvilini mərasimə amerikalı konqresmen Co Vilson dəvət edib.
Salome Zurabişvilinin mətbuat katibinin məlumatına görə, onun Vaşinqtona səfəri zamanı yüksək səviyyəli ikitərəfli görüşlər planlaşdırılır.
Xatırladaq ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beş illik müddətə seçilib.
İnauqurasiya ilə paralel olaraq Zurabişvili prezident iqamətgahının həyətində tərəfdarları qarşısında çıxış edərək oranı tərk etdiyini, lakin siyasi mübarizəsini davam etdirəcəyini açıqlayıb.
Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımır və özünü yeganə legitim prezident hesab edir.
Qeyd edək ki, Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.