
Yaponiya NATO-da ayrıca daimi nümayəndəlik açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı səfirliyi yerinə yetirib.
“Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır. Yaponiya ilə NATO arasında münasibətlər son illərdə inkişaf edib, çünki Avro-Atlantik və Hind-Sakit Okean regionlarının təhlükəsizliyinin bölünməz olması getdikcə aydınlaşır”, - məlumatda deyilib.
Seneqaldakı keçmiş səfir Osamu İzava alyansa daimi nümayəndə təyin edilib.
Struktur olaraq Yaponiyanın Brüsseldəki səfirliyinin bir hissəsi olan Yaponiyanın NATO yanında missiyası 2018-ci ildə açılıb. XİN hesab edir ki, ayrıca təşkilati strukturun yaradılması Yaponiyaya NATO ilə daha da səmərəli əməkdaşlıq etməyə imkan verəcək və gələcəkdə əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcək.
Son illər Yaponiya NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir. Ölkənin baş naziri bir neçə dəfə alyansın sammitlərində iştirak edib. 2023-cü ildə NATO Tokioda daimi nümayəndəlik açmaq məsələsini aktiv şəkildə müzakirə etməyə başlayıb, lakin bu məsələdə razılığa gəlmək mümkün olmayıb. “Nikkei” qəzetinin yazdığına görə, bunda Fransanın mövqeyi əsas rol oynayıb: o, Yaponiyada NATO ofisinin açılmasına qəti şəkildə qarşı çıxan Çini təxribata çəkməməyi seçib.