
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yenidən hökumət başçısı seçildikdən sonra ilk xarici səfərini yanvarın 17-də Azərbaycana edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İrakli Kobaxidze azərbaycanlı həmkarı Əli Əsədovla birgə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasına sədrlik edəcək. İclasda hər iki ölkənin hökumət üzvləri iştirak edəcək.
İrakli Kobaxidzenin digər Azərbaycan rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.
Gürcüstan nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühit və kənd təsərrüfatı naziri David Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət aparatının rəhbəri Levan Jorjolini daxildir.