
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın inkişafı İrəvanın suveren hüququdur, Rusiya da öz növbəsində Ermənistanla əlaqələr qurmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətini şərh edərkən bildirib.
“Bu, Ermənistanın bütün istiqamətlərdə münasibətləri inkişaf etdirmək hüququdur: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu əlaqələri yüksək qiymətləndiririk və onları daha da inkişaf etdirmək niyyətindəyik”, - deyə Kreml nümayəndəsi bildirib.
Peskov qeyd edib ki, ikitərəfli aspektlərlə yanaşı, inteqrasiya prosesləri çərçivəsində, o cümlədən Aİİ çərçivəsində qarşılıqlı fəaliyyət Moskva üçün çox vacibdir.
“Bütün bunlar birlikdə Ermənistan və onun xalqı üçün əhəmiyyətli dividendlər verən əməkdaşlıqdır”, - deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin daha əvvəl məlumat verdiyi kimi, yanvarın 14-də Vaşinqtonda ölkənin xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq. İmzalanma mərasimi Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq və Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi resurslarında yayımlanacaq.