UEFA-nın maliyyə sabitliyi və lisensiyalaşdırma qaydalarına əsasən, PSJ Çempionlar Liqasında iştirak hüququnu itirə bilər.
Yeniavaz.com Fransa mətbuatına istinadla xəbər verir ki, buna PSJ və keçmiş ulduzu Kilian Mbappe arasında maaş öhdəliyi ilə bağlı hüquqi mübahisə səbəb ola bilər.
Belə ki, UEFA qaydaları klubları oyunçularına bütün maaşları və mükafatları vaxtında ödəməyə məcbur edir.
Fransız ulduz isə keçmiş klubundan ümumilikdə 55 milyon avro tələb edir. Mbappenin tələblərinə aprel, may və iyun ayları üçün maaşlar, müqavilənin yenilənməsi bonusunun son ödənişi və müqavilənin son ayları üçün “etik bonus” daxildir.
PSJ bu ödənişləri etməməkdə israr edir və onların şifahi razılaşmaya əsaslandığını iddia edir.
Fransa Futbol Federasiyası (FFF) iki dəfə PSJ-nin Mbappe qarşısında maaş öhdəliyini yerinə yetirməməsi ilə bağlı qərar verib. Digər tərəfdən, PSJ-nin bu işlə bağlı apelyasiya şikayətləri də təmin edilməyib.
Qeyd edək ki, UEFA-nın 82-ci maddəsi hər lisenziya mövsümündə klubun oyunçularına olan bütün borclarının 15 iyul, 15 oktyabr və 15 yanvar tarixinədək ödənilməsini tələb edir. Həmçinin, UEFA klublardan bütün maliyyə öhdəliklərinin yerinə yetirilməsini təsdiq edən sənədlərin müəyyən edilmiş müddətdə quruma təqdim edilməsini şərt qoyur.