“Ultimate Fighting Championship” (UFC) prezidenti, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa yaxınlığı ilə tanınan Dana Uayt Amerikanın “Meta” korporasiyasının direktorlar şurasına daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Mark Zukerberq öz “Facebook” səhifəsində məlumat verib.
Uaytdan başqa “Meta”nın direktorlar şurasına “Exor” holdinqinin baş direktoru, “Stellantis” avtokonserninin və “Ferrari” yarış və idman avtomobilləri şirkətinin idarə heyətinin sədri Con Elkann, həmçinin investor və “Meta” məsləhət qrupunun üzvü Çarli Sonqxrest daxil olub.
Qeyd edək ki, bundan əvvəl respublikaçı Coel Kaplan “Meta”nın xarici işlər üzrə rəhbəri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında “Meta” Trampın andiçmə fonduna 1 milyon dollar bağışlayıb. Bundan əlavə, 2024-cü ilin noyabrında Zukerberq seçilmiş Amerika lideri ilə Mar-a-Laqo (Florida) iqamətgahında görüşüb. Burada o, Tramp üçün “Meta Ray-Ban” smart eynəklərini nümayiş etdirib və bu eynəklərdən birini ona hədiyyə edib.