Hakim Xuan Merçan ABŞ-nin seçilmiş prezidenti Donadl Trampa məxsus “Trump Organization”un maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə yanvarın 10-na təyin edilmiş hökmü təxirə salmaqdan imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nyu-York Ali Məhkəməsinin elektron məlumat bazasında dərc edilmiş sənədlərdə bildirilib.
“Təqsirləndirilən şəxsin yanvarın 10-na təyin edilmiş hökmü də daxil olmaqla, prosesin dayandırılması barədə vəsatəti rədd edilir”, - sənəddə qeyd edilib.
Merçan məhkəmənin müttəhimin arqumentlərini nəzərdən keçirdiyini və bu arqumentlərin əsasən onun əvvəllər dəfələrlə gətirdiyi arqumentləri təkrarladığını bildirib.
Beləliklə, Trampa yanvarın 20-nə planlaşdırılan andiçmə mərasiminə 10 gün qalmış hökm çıxarılacaq. Həmçinin, seçilmiş prezidentə "ya şəxsən, ya da virtual olaraq" məhkəməyə gəlmək əmri veriləcək.
Qeyd edək ki, 2024-cü il may ayının sonunda Tramp maliyyə saxtakarlığı işində bütün 34 maddə üzrə təqsirli bilinib. O, ABŞ tarixində münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub. Keçən noyabrda hakim Xuan Merçan iş üzrə hökmün təxirə salınmasına razılıq verib.