Lavrov və Bayramov təyyarə qəzasını müzakirə etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisələri müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında həmin gün baş tutan söhbəti davam etdirən nazirlər dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin Xəzər dənizi yaxınlığında qəzaya uğraması ilə bağlı hadisələri müzakirə ediblər. Hadisənin bütün səbəblərinin müəyyən edilməsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi, baş vermiş hadisələrin bütün şəraitlər nəzərə alınmaqla nəhayət və tam aradan qaldırılmasının zəruriliyi vurğulanıb”, - Rusiya Xarici İşlər Nazirliyi əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyi də telefon danışığı ilə bağlı məlumat yayıb: 
“28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.
Telefon danışığı zamanı, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 25 dekabr tarixində Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.
Nazir Ceyhun Bayramov öz növbəsində bütün həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.
Nazir, ən qısa müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.
Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub”.

DİGƏR XƏBƏRLƏR

Top