
Rusiya hərbi bazasından canlı qüvvə və texnikanı çıxarmaq üçün Suriyaya getməli olan bu ölkəyə məxsus “Ursa Major” yük gəmisi Aralıq dənizinin qərb hissəsində batıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın müstəqil “Mediazona” nəşri İspaniya Xilasetmə Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, gəmi İspaniyanın Aqilas şəhəri ilə Əlcəzairin Oran şəhəri arasında beynəlxalq sularda batıb.
İspaniyanın “La Verdad” nəşrinin məlumatına görə, xilasedicilər gəmidəki 14 dənizçini Kartagena limanına aparıblar. Daha 2 ekipaj üzvü itkin düşmüş hesab olunur. Nəşrin mənbələrinin məlumatına görə, batmazdan əvvəl gəmidə partlayış olub.
Qeyd edək ki, Bəşər Əsəd rejiminin fəal dəstəkçisi olan Rusiyanın Suriyada hərbi bazaları mövcuddur. Lakin onların mövcudluğu 2024-cü ilin dekabr ayının əvvəlində yerli silahlı qruplar Əsəd rejimini devirdikdən sonra sual altına düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz