İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS hərəkatının silah istehsalı bölməsinə rəhbərlik edən yüksək rütbəli komandirinin öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzza şəhərində Əl-Hurriyə məktəbində yerləşən HƏMAS komandanlıq mərkəzinə endirilən zərbələr nəticəsində komandir Əmmar Dalul və daha 6 silahlı öldürülüb.
Öldürülən silahlılar HƏMAS-ın Qəzza zolağında fəaliyyət göstərən IDF hərbçilərinə qarşı həyata keçirdiyi çoxsaylı hücumlara cavabdeh olan “Zeytun” batalyonunun bir hissəsidir.
İsrail Hərbi Hava Qüvvələri ordu kəşfiyyatı və İsrail Baş Təhlükəsizlik Xidmətindən (Şin Bet) dəqiq məlumat aldıqdan sonra komanda mərkəzinə zərbə endirib.
Mətbuat katibi bildirib ki, zərbədən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün çoxlu tədbirlər, o cümlədən dəqiq idarə olunan hərbi sursatların istifadəsi, havadan müşahidə və əlavə kəşfiyyat məlumatlarının tətbiqi həyata keçirilib.