İlon Maskın “SpaceX” şirkəti investorlara səhm təklif etdikdən sonra dünyanın ən bahalı startapı olub.
Yeniavaz.com bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, raket və peyk istehsalçısının təxmin edilən bazar dəyəri şirkətin səhmlərinin qiyməti 65% artdığı üçün 350 milyard dollara yüksəlib.
Bununla da, “SpaceX” keçən ay təxminən 300 milyard dollar dəyərində qiymətləndirilən “TikTok”un sahibi “ByteDance”i geridə qoyub.
Razılaşmanın şərtlərinə görə, “SpaceX” və investorlar hər bir səhm üçün 185 dollar olmaqla şirkətin 1,25 milyard dollarlıq səhmlərini alacaqlar.
Nəşrin yazdığına görə, “SpaceX” özü təxminən 500 milyon dollarlıq səhm alacaq. Qalan hissəsi isə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yaxın sirdaşına çevrilən və dünyanın ən varlı sahibkarı olan Maskın genişlənən biznes maraqlarını dəstəkləməyə tələsən kənar investorlardan gələcək.
Qeyd edək ki, bir neçə ay əvvəl startapın səhmləri 112 dollara satılırdı və onun dəyəri 210 milyard dollar qiymətləndirilirdi.
Xatırladaq ki, Mask ABŞ prezidentliyi yarışı zamanı Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün ən azı 260 milyon dollar xərcləyib. Trampın bəyanatına görə, Mask, həmçinin iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyinin artırılmasına və bürokratiya ilə mübarizəyə diqqət yetirəcək yeni departamentə rəhbərlik edəcəklər.