Narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini davam etdirir. Qurumun mətbuat xidmətinin məlumatına görə, külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 07.11.2016-cı il tarixdə saat 04:40 radələrində Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisin­dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılan axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunub. Cəlilabad rayonu, Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğulardan daxil olan siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top