Cənubi Koreya polisi bir qrup deputatın üsyanda ittiham olunmasından sonra ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı ölkə prezidenti Yun Sok Yol barəsində araşdırmalara başlayıb.
Yeniavaz.com “Çoson İlbo” qəzetinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli İstintaq İdarəsinin direktoru U Çjon Su bildirib.
“Biz diqqətlə qanun və prosedura uyğun olaraq istintaq aparacağıq”, - idarə rəhbəri bildirib.
Digər tərəfdən, Koreya Respublikasının Prokurorluğu qiyam ittihamı ilə keçmiş müdafiə naziri Kim Yon Hyonun ölkədən çıxışına qadağa qoyub. Bu barədə “Hangöre” qəzeti məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl müxalifət deputatları Milli İstintaq İdarəsinə prezident Yun Sok Yola, keçmiş müdafiə naziri Kim Yon Hyona, hərbi vəziyyətə nəzarət etmək üçün təyin edilmiş ordu qərargah rəisi Pak An Suya, daxili işlər naziri Li San Minə və başqalarına qarşı rəsmi qiyam ittihamı irəli sürüblər.