ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 7-8-nə planlaşdırılan Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimində iştirak etmək üçün şənbə günü Parisə gedəcək.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“Mən beş il əvvəl dağıdıcı yanğından sonra tamamilə yenidən qurulan möhtəşəm tarixi Notr-Dam Katedralının açılışında iştirak etmək üçün şənbə günü Parisə gedəcəyəm”, - Tramp qeyd edib.
Fransaya səfər respublikaçının noyabrda keçirilən prezident seçkilərində qalib gəlməsindən sonra ilk xarici səfəri olacaq.
Qeyd edək ki, Notr-Dam Katedralı əsrlər boyu Parisin ən məşhur binası olub və dünya tarixi abidələri siyahısına daxil edilib. 2019-cu il aprelin 15-də axşam məbəddə yanğın baş verib. Yanğını yalnız səhər saatlarında tamamilə söndürmək mümkün olub. Yanğın zirzəmi sahəsində hələ də məlum olmayan səbəblərdən baş verib.
Xatırladaq ki, bərpadan sonrakı ilk həftədə katedral axşam saatlarına qədər açıq olacaq. Eyni zamanda, katedralda bərpa işlərinin tam başa çatdırılması 2029-2030-cu illər üçün nəzərdə tutulub.
Parisin əsas kilsəsinin bərpasının ümumi dəyəri ilkin olaraq 850 milyon avro qiymətləndirilir.