Sabiq millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə hazırda millət vəkili olan qızı – Günay Ağamalı, oğlanları Elçin Ağamalı və Yalçın Ağamalı, həmçinin nəvələri və digər ailə üzvləri barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, Ağamalı ailəsi barəsində məhkəmə iddiası “Aqrarkredit” QSC BOKT tərəfindən qaldırılıb.
Bildirilir ki, kredit müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılan iddia Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın icraatına verilib.
Qeyd edək ki, Ağamalı ailəsindən başqa cavabdeh kimi “Agricola” MMC-də göstərilib.
Məlumat üçün bildirək ki, Fəzail Ağamalı 1995-2024-ci illərdə millət vəkili olub. 1993-94-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin vəzifələrini icra edib. Bu il keçirilən sonuncu parlament seçkilərində Fəzail Ağamalının seçildiyi 60 saylı Salyan-Neftçala seçki dairəsindən qızı Günay Ağamalı millət vəkili seçilib.
“Buta” uşaq bağçasının rəhbəri olan Günay Ağamalı ixtisasca psixoloqdur. Günay Ağamalı eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.
Murad Məmmədov