DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Yeniavaz.com xəbər verir ki, müraciətdə deyilir:
“Payız-qış mövsümü üçün xarakterik olan yağışlı, çiskinli havalar yol hərəkəti iştirakçılarına bir sıra çətinliklər yaradır. Yağmurlu havalarda görmə məsafəsinin məhdudlaşması, avtomobillərin sürüşmə ehtimalının artması bəzən qəzaları qaçılmaz edir.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda ölkəmizdə, xüsusilə bölgələrdə müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək belə havalarda daha diqqətli olmağı, sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı tövsiyə edir.
Bununla yanaşı, sürücülər qarlı, yağışlı havalarda avtomobilin mövsümə uyğun təchizatına, şüşə silgəclərinin, şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına, şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğuna nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar.
Yağmurlu hava şəraitində piyadalar da məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər”.