İngiltərənin “Liverpul” və İspaniyanın “Barselona” klublarının keçmiş futbolçusu, argentinalı Xavyer Maskerano Böyük Futbol Liqasının (MLS) “İnter Mayami” klubunun baş məşqçisi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2027-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub. Baş məşqçi kimi Maskerano “İnter Mayami” ilə müqaviləsi noyabrın 22-də başa çatan argentinalı Herardo Martinonu əvəzləyib.
Qeyd edək ki, “İnter Mayami” MLS-in müntəzəm mövsümünün qalibi olub. Komanda 34 matçda 74 xal toplayıb və ikinci yeri tutan “Kolambus”u 8 xal qabaqlayıb. Komanda pley-offun ilk mərhələsində “Atlanta”ya ən yaxşı üç seriyada (1-2) məğlub olaraq mübarizədən kənarlaşdırılıb.
“İnter Mayami”nin heyətində Lionel Messi, Serxio Buskets, Luis Suares və əvvəllər Maskerano ilə “Barselona”da oynamış Xordi Alba var.
Xatırladaq ki, Maskeranonun 40 yaşı var və bu il sentyabrın 1-dən Argentinanın gənclər komandasına rəhbərlik edir. O, əvvəllər ölkənin olimpiya komandasına rəhbərlik edib. Maskerano futbolçu kimi İspaniyanın “Barselona”, İngiltərənin “Liverpul”, Argentinanın “River Pleyt”, Braziliyanın “Korintians”, Argentinanın “Estudiantes” və İngiltərənin “Vest Hem” klublarında çıxış edib. O, İspaniya liqasının beşqat çempionu və ölkə kubokunun qalibi olub. Üç dəfə ölkə Superkubokunda qalib gəlib. Maskerano həmçinin, Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının ikiqat qalibidir.
Argentina millisinin heyətində Maskerano 147 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. O, ikiqat Olimpiya çempionudur (2004, 2008), həmçinin 2014-cü il Dünya Çempionatında gümüş medal qazanıb.