Gürcüstan parlamentinin üzvləri növbəti prezident seçkilərinin dekabrın 14-nə təyin edilməsi ilə bağlı qətnamə layihəsini dəstəkləyiblər.
Yeniavaz.com xəbər verir ki, parlamentin iclası qanunverici orqanın saytında canlı yayımlanıb.
Deputatlardan heç biri qərarın əleyhinə səs verməyib.
“80 - lehinə, sıfır - əleyhinə. Qərar qəbul edildi”, - deyə deputatların səsverməsindən sonra parlamentin spikeri Şalva Papuaşvili elan edib.
Həmçinin parlamentin qərarına əsasən, yeni seçilmiş prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.
Gürcüstan prezidenti ilk dəfə olaraq ümumi və ümumxalq səsverməsi ilə seçilməyəcək. Dövlət başçısı 300 seçicidən ibarət komissiya tərəfindən seçiləcək.
Kollegiyaya Gürcüstan parlamentinin bütün 150 deputatı, Acarıstan və Abxaziya Ali Şuralarının nümayəndələri, həmçinin yerli hakimiyyət orqanlarının deputatları daxil olacaq. Ən azı 30 nəfərdən ibarət seçicilər qrupu öz prezidentliyə namizəd irəli sürmək hüququna malikdir. Seçkiləri Gürcüstan Mərkəzi Seçki Komissiyası parlamentin binasında keçirəcək.
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası yaxın vaxtlarda prezidentliyə namizəd təqdim etməyi planlaşdırır.
Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi ilə istisna olaraq altı il müddətinə seçilib. Bundan sonra prezident 5 illik müddətə seçiləcək.
Digər tərəfdən, Gürcüstan parlamenti noyabrın 28-də keçiriləcək plenar iclasda baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökuməti təsdiq edəcək. Bu barədə qanunverici orqanın spikeri Şalva Papuaşvili parlament bürosunun iclasında bildirib. Onun sözlərinə görə, ayın 28-dək parlament komitələrinin birgə iclaslarında nazir vəzifələrinə namizədlərin dinləmələri keçiriləcək. Xüsusilə, noyabrın 26-da namizədlərin görünəcəyi paralel rejimdə görüşlər başlayacaq.