Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq, leysan xarakterli yağış yağacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacaq, axşamdan yağış yenidən başlayacaq və leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır.
“Yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi, yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”, - məlumatda deyilir.