Gürcüstan parlamenti qarşısında müxalifətin etiraz aksiyası başlayıb.
Yeniavaz.com xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan parlamentinin binası qarşısında çadırlar qurublar.
Parlament seçkilərinin nəticələrinə etiraz aksiyası noyabrın 24-də axşam saatlarında qanunvericilik binası yaxınlığında başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi mitinqin keçirildiyi parlament binasına əlavə qüvvələr göndərib.
Bundan başqa, nazirlik parlamentdən o qədər də uzaq olmayan Azadlıq meydanına su şırnaqları yerləşdirib. Avtobuslar və avtomobil evakuatorları da var.
Digər tərəfdən, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlament binasının xidməti girişlərinə gedən küçələri tamamilə bağlayıblar. O cümlədən xüsusi təyinatlılar parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib. Media nümayəndələri hələlik binanın özünə buraxılmır.
Etiraz aksiyasının məqsədi yeni çağırış parlamentin ilk iclasına toplaşacaq hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları üçün diskomfort yaratmaqdır.
İclas saat 12:00-da başlayacaq. Noyabrın 25-də parlamentin spikeri və vitse-spikerlərinin, eləcə də komitə rəhbərlərinin təsdiqi planlaşdırılır.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gələrək qanunverici orqanda 150 yerdən 89-unu qazanıb. “Dəyişiklik Naminə Koalisiya” 11,03% səslə 19 mandat, “Birlik – Milli Hərəkat” 10,17% səslə 16 mandat, “Güclü Gürcüstan” 8,81% səslə 14 mandat, “Qaxariya Gürcüstan üçün” 7,78% səslə 12 mandat əıdə edib.
Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab etdikləri üçün nəticələri tanımaqdan imtina ediblər. Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir.