ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Amerika administrasiyası tarixində ilk dəfə Vaşinqtonun kriptovalyuta siyasətinə cavabdeh olan vəzifənin yaradılması imkanını müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, hazırda bu vəzifəyə namizədlər seçilir. Əgər vəzifə təsdiqlənsə, Ağ Evdə ilk dəfə kriptovalyuta siyasəti məsələlərinə nəzarət edən məmur olacaq.
Qeyd edək ki, Trampın seçkilərdəki qələbəsindən sonra bitkoinin qiyməti yeni tarixi maksimuma çatıb və 97 min dolları keçib. Bitkoinin bahalaşmasında ABŞ-nin yeni seçilmiş prezidentinin vədləri, həmçinin, ABŞ-nin qlobal kriptovalyuta mərkəzinə çevirmək üçün iddialı planlar mühüm rol oynayır.
Xatırladaq ki, bundan əvvəl Tramp zarafatla demişdi ki, ən yüksək dövlət postuna seçilsə, 35 trilyon dolları keçən dövlət borcunun kriptovalyuta ilə ödənilməsinə göstəriş verə bilər. Digər tərəfdən, o, sentyabr ayında Nyu-Yorkda bir restoranda tərəfdarları üçün hamburger almış və ödənişi ilk dəfə bitkoinlə edərək, bunun üçün 998,7 dollar ekvivalentində pul xərcləmişdi.
Tramp hesab edir ki, ABŞ kriptovalyutaya ciddi diqqət yetirməlidir, əks halda digər ölkələr, ilk növbədə Çin bu bazarda üstünlük təşkil edəcək.