Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.
Yeniavaz.com TRT-yə istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri İncəsənət Universitetləri Birliyinin sədri, professor Erhan Özden bildirib.
O, himnin türk xalqlarının başa düşə biləcəyi dildə yazılacaq, həmçinin türk xalqlarının milli-mənəvi hisslərini gücləndirəcək ortaq bir himn olacağını bildirib.
E. Özden deyib ki, himni xüsusi komitənin ortaq rəyinə uyğun olaraq təyin edilən bəstəkar bəstələyəcək.
Himndə türk xalqlarının özünəməxsus xüsusiyyətləri söz və musiqi ilə ifadə ediləcək.
Həmçinin bildirilib ki, himnlə yanaşı, türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.
E. Özden əlavə edib ki, lüğətin bir neçə il ərzində, himnin isə bundan daha qısa bir müddətdə hazırlanacağı gözlənilir.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.