Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə yüksək rütbəli məmurdan istefa verməsini xahiş etməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə baş nazir öz “Facebook” səhifəsində yazıb.
“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, mən bir sıra yüksək vəzifəli şəxslərin vəzifələrindən istefa vermələrini xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbi şəxsi deyil, sistem xarakterlidir”, - baş nazir “Facebook” səhifəsində bildirib.
O, həmçinin əlavə edib ki, adları çəkilən həmkarlarının dövlətçiliyin inkişafında xidmətlərini inkar edə bilməz və hər kəsə verdiyi töhfəyə və bu xahişi başa düşdüyünə görə təşəkkür edib.
Qeyd edək ki, bazar günü axşam saatlarında Ermənistan KİV-i Paşinyanın bir neçə əsas nazir və komitə rəhbərlərini işdən çıxarmaq qərarına gəldiyini yazıb. Xüsusilə, daxili işlər naziri Vahe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, İstintaq Komitəsinin sədri Argişti Karamyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan, Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın istefa verdiyi bildirilib.