Xəbər verdiyimiz kimi, daha əvvəl mətbuatda Türkiyənin İsrail Prezidentinin təyyarəsinin sözügedən ölkənin hava məkanından keçməsinə icazə vermədiyinə dair məlumat yayılmışdı. Azərbaycan mətbuatında dərc olunan məlumatlara görə, İsrail Prezidenti İsaak Hersoqun COP29 ərəfəsində Bakıya səfər etməməsinin səbəbi də məhz Türkiyənin bu qadağası olub.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti də oxşar məzmunlu məlumat yayıb.
Rəsmi mənbələrin mətbuat orqanına verdiyi məlumata görə, İsrailin dövlət qurumları Bakıda keçirilən COP29-da iştirak etməsi üçün Hersoqun təyyarəsinin Türkiyənin hava məkanından istifadə etməsini istəyib. Türkiyə hakimiyyəti isə İsrail rəsmilərinin bu müraciətini geri çevirib.
Xatırladaq ki, “Qafqazinfo” İsrail tərəfinin problemin həlli üçün Azərbaycana müraciət etdiyini yazıb:
“Hətta, Prezident Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng də edib. Amma Azərbaycan tərəfinin məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmə və müzakirələri nəticə verməyib”.
Qeyd edək ki, daha əvvəl İsrail mətbuatında İsaak Hersoqun təhlükəsizlik səbəbilə COP29-da iştirakdan imtina etdiyinə dair məlumat yayılıb.