2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayına nisbətən 103,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,9 faiz, qeyri-qida məhsulları üzrə 101,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edib.
2024-cü ilin sentyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,4 faiz təşkil edib.
Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə yağının, yumurtanın, şaftalının, qozun, şabalıdın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə qarabaşaq yarmasının, limonun, almanın, armudun, üzümün, ağ kələmin, xiyarın, balqabağın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin sentyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,4 faiz təşkil etmişdir. Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma inşaat materiallarının və zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,3 faiz təşkil etmişdir. Sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin kirayə haqlarının, ölkədaxili dəmiryol nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının, ucuzlaşma isə istirahət turlarının, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.